XX əsrin I yarısında Azərbaycanda təşkil olunan muzeylərdən biri də Quba tarix muzeyidir. İlk muzey 1924-cü ildə “Cami” məscidinin mədrəsəsində Quba ziyalılarının təşəbbüsü ilə yaradılmışdır. Xalq Maarif Komissarlığının 14 may 1935-ci il əmri ilə Çələbizadə Əhməd Əbdürrəhman oğlu Quba tarix muzeyinə müdir təyin olunur. 1937-ci ildə Əhməd əfəndi represiya qurbanı olur, muzey bağlanır.
1943-cü ildə Quba ictimaiyyəti tarix muzeyinin açılması ilə bağlı Mərkəzi Komitəyə məktubla müraciət edir. Azərbvaycan SSRİ Xalq Komissarları Sovetinin 04.21.1943-cü il tarixli əmri ilə Qubada muzeyin yaranması haqqında qərar qəbul edilir. Muzey 1944-cü ilin avqust ayında görkəmli alim və mütəfəkkir, şair A.A.Bakıxanovun yaşadığı indiki Ərdəbil küçəsi 93 saylı binada fəaliyyətə başlayır.
XIX əsrin əvvəllərində tikilən bu bina Azərbaycan SSRİ Nazirlər Sovetinin 14 may 1981-ci il nömrə 225 saylı qərarı ilə tarixi abidə kimi qeydə alınmışdır.
1943-1958-ci illər Azərbaycan Elmlər Akademiyasının baza muzeyi kimi, 1958-1965-ci illər ictimai əsaslarla, 1965-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir.
Muzeyin əsas və köməkçi fondunda on mindən (10 000) çox eksponat qorunub saxlanır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ildə Quba şəhərində “Nizami” adına parkın ərazisində yeni, müasir standartlara uyğun muzey binasının tikintisinə başlandı. 2014-cü ildə binanın inşası tam başa çatdırılmış, ekspozisiyalarda tərtibat işləri aparılmışdır. Binanın ümumi sahəsi 1620 m²-dir. 1 zirzəmi 3 mərtəbədən ibarətdir. Yarımzirzəmidə yeməkxana, qazanxana, fond və təsərrüfat otaqları, I mərtəbədə qorderob, mühafizə, işçilər üçün xidməti otaqlar və fond otağı, II və III mərtəbələrdə ekspozisiya zalları, akt zalı, digər xidməti otaqlar mövcuddur.
Binanın açılışı 2015-ci ilin may ayının 2-də olmuşdur.
(02333) 5-36-75
t.d.m.quba@gmail.com